RƏSƏDXANA
Geri

Məxfilik siyasəti

Qüvvəyə minmə tarixi: 13 avqust 2026

Bu sənəd Rəsədxana platformasını (Rəsədxana Team, əlaqə: resedxana@gmail.com) istifadə edərkən şəxsi məlumatlarının necə toplandığını və işləndiyini izah edir. Rəsədxana dərslər, simulyasiyalar, imtahan mühərriki, ilerləmə qeydi və Agora icma sahəsi təqdim edir.

1. Hansı məlumatları toplayırıq

Hesab yaradanda: e-poçt, istifadəçi adı, görünən ad, şifrələnmiş parol (özü heç vaxt saxlanmır, yalnız hash-i), seçdiyin avatar və aura rəngi.

İstifadə zamanı: verdiyin imtahanların nəticələri və mövzu üzrə statistikası, ziyarət etdiyin modullar, sinif kodu ilə qoşulma qeydi.

Profilində: özün haqqında yazdığın mətn (istəsən boş qala bilər). Bu mətn ictimai profil səhifəndə — /kim ünvanında — hər kəsə görünür və istifadəçi adınla birlikdə orada qalır.

Agorada: yazdığın sual, cavab, şərh və bunların yanında görünən avatar/aura seçimin — hamısı digər istifadəçilərə görünür.

Fikir bildirsən: verdiyin ulduz, seçdiyin səbəblər, yazdığın mətn, hansı səhifədə olduğun (yalnız ünvan — axtarış sözü və ya sual nömrəsi saxlanmır) və interfeys dilin. Standart olaraq anonim gedir; adın yalnız hesabına girmisənsə və özün «adımla göndər» seçmisənsə əlavə olunur.

Texniki olaraq: giriş, qeydiyyat, şikayət və fikir göndərmək kimi hərəkətlər zamanı IP ünvanı (təhlükəsizlik jurnalında 90 gün saxlanılır, sonra silinir).

Dəstəkçi olsan: Paddle-ın bizə göndərdiyi əməliyyat və müştəri identifikatorları. Kart nömrən bizə heç vaxt çatmır — onu yalnız Paddle görür.

2. Nə üçün istifadə edirik

Hesabını işlətmək, ilerləməni cihazlar arasında saxlamaq, Agoranı təhlükəsiz işlətmək, dəstəkçi statusunu təsdiqləmək, texniki nasazlıqları araşdırmaq və göndərdiyin fikirləri oxuyub sayta düzəliş etmək üçün. Bunların heç biri üçün marketinq və ya reklam məqsədli izləmə aparmırıq — Rəsədxanada reklam yoxdur. Ayrıca hansı səhifələrin açıldığını şəxsə bağlamadan sayırıq (bax: 6-cı bölmə).

3. Agora — açıq məzmun

Agoraya yazdıqların digər istifadəçilər tərəfindən oxuna və axtarıla bilər. Sildikdə gönderi görünməz olur, amma başqasının sitatı və ya qanuni saxlama tələbi istisna ola bilər.

Başlıqlı yazıların həm də profil səhifəndə bir yerdə siyahılanır — beləliklə oxucu bir yazının müəllifinə basıb onun digər yazılarını görə bilər. Şərhlər orada görünmür. Profil səhifələri axtarış sistemlərinə bağlıdır: linki olan oxuya bilər, amma adını Google-da axtaran kimsə oraya çıxmır.

Rəsədxana profildə yazılanların heç birini yoxlamır və təsdiqləmir. Kimsə özü haqqında «müəllim» yazırsa, bu, onun öz sözüdür — səhifə də bunu açıq şəkildə yazır. Sayt heç kimə rol və ya səlahiyyət vermir.

4. Kimlərlə paylaşırıq

Yalnız platformanı işlətmək üçün lazım olan xidmət təminatçıları ilə: Cloudflare (hosting və verilənlər bazası), Resend (e-poçt göndərişi) və Paddle.com Market Ltd (ödəniş, yalnız dəstəkçi olsan). Qanuni tələb olduqda səlahiyyətli dövlət orqanları ilə. Agorada özün açıq şəkildə paylaşdığın hər şeylə — bütün ziyarətçilərlə.

5. Saxlama müddəti

Hesab, ilerləmə və Agora məzmunu hesabın açıq olduğu müddətcə saxlanılır. Hesabını silmək istəsən, aşağıdakı ünvana yaz — hazırda avtomatik silmə düyməsi yoxdur, tələbi əl ilə yerinə yetiririk.

Fikirlər müddətsiz qalır — onlar oxunub sayta düzəliş etmək üçündür. Anonim göndərilmiş fikri geri götürmək mümkün deyil: səni ona bağlayan heç nə saxlanmadığı üçün onun sənin olduğunu təsdiqləyə bilmərik. Adınla göndərmisənsə, yaz — silərik.

Təhlükəsizlik jurnalı: 90 gün. Göndərilmiş e-poçtlar: 30 gün. Çatdırılmamış e-poçtlar: 180 gün (problemi görə bilmək üçün). Doğrulama və şifrə linkləri: müddəti bitən kimi.

6. Kukilər

Yalnız zəruri texniki vasitələr istifadə edirik — giriş sessiyasını yadda saxlamaq üçün. Reklam və ya izləmə kukisi yoxdur, ona görə də ayrıca kuki icazəsi istəmirik.

Hansı səhifələrin daha çox açıldığını saymaq üçün Cloudflare Web Analytics işlədirik. O, kuki qoymur, brauzerində heç nə saxlamır və səni səhifələr və ya ziyarətlər arasında izləyə bilmir — topladığı şey səhifə ünvanı, haradan gəldiyin və ölkə səviyyəsində yerdir. Bu, kimin nə etdiyini deyil, nəyin işlədildiyini göstərir; hansı bölmələri inkişaf etdirəcəyimizə buna baxaraq qərar veririk.

Saytı internetsiz istifadə etmək üçün onun faylları (səhifələr və proqram hissəsi) cihazının brauzer yaddaşında saxlanılır. Bunlar hamıya eyni olan açıq fayllardır, şəxsi məlumat deyil və heç yerə göndərilmir. Təcili yardım bölməsi ilk ziyarətdə avtomatik saxlanılır; qalanlarını sən seçirsən və «İnternetsiz istifadə» səhifəsindən istənilən vaxt silə bilərsən.

7. Hüquqların

Azərbaycan Respublikasının «Fərdi məlumatlar haqqında» Qanununa əsasən, məlumatlarının hansı formada işləndiyini öyrənmək, düzəltmək, silmək və işlənməsinə etiraz etmək hüququna maliksən. Tələbini aşağıdakı ünvana yaz.

Əlaqə: resedxana@gmail.com. Kimliyini təsdiqləmək üçün əlavə məlumat istəyə bilərik və tələbə ağlabatan müddətdə cavab veririk.

8. Uşaqların məlumatları

Platformadan orta məktəb yaşlı istifadəçilər faydalanır. 18 yaşından kiçiksənsə, hesab yaratmazdan və xüsusilə ödəniş etməzdən əvvəl valideynin və ya qəyyumunla məsləhətləş — ödəniş hər halda onun kartı və razılığı ilə həyata keçirilir.

9. Təhlükəsizlik

Şifrələr geri qaytarılmaz şəkildə hashlənir, ödəniş kartı məlumatları bizə heç vaxt çatmır, verilənlər bazasına giriş məhduddur. Heç bir sistem tam risksiz deyil, amma bunları ciddiyə alırıq.

10. Dəyişikliklər

Bu sənədi vaxtaşırı yeniləyə bilərik; əhəmiyyətli dəyişiklikləri saytda bildiririk. Suallar üçün: resedxana@gmail.com.